CORONAVİRUSLA BAĞLI YARDIMI KİM VƏ NECƏ ALACAQ

Coronavirusla əlaqədar 190 AZN məbləğində birdəfəlik ödəmənin işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur.

Birdəfəlik ödəmə işsiz statusuna uyğun olmayanlar və dövlətdən hər hansı sosial ödəniş alanlar üçün nəzərdə tutulmayıb. Başqa sözlə desək, birdəfəlik ödəmə aşağıdakı şəxslərə verilməyəcək:

-Muzdla (əmək müqaviləsi ilə) işləyənlər; 
-Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər; 
-Sahibkarlar (VÖEN-i olanlar);
-Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar (müvafiq dövlət aktı və çıxarışı olanlar);
-Əyani təhsil alan tələbələr 
-Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər və b. 

Yəni, birdəfəlik ödəmənin hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər alacaq. Məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs – işsiz şəxs hesab olunur

İşsiz şəxslərin qeydiyyatı elektron sistem - www.e-sosial.az portalındakı "e-xidmətlər" bölməsində “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” e-xidməti tərəfindən aparılır.

Xüsusi karantin rejimi tətbiq edildiyi dövrdə elektron sistemdə yüklənmələrin artmaması və müraciətlərə operativ baxılması məqsədi ilə bu gün ölkənin şəhər və rayonları üzrə müraciət QRAFİKi açıqlanacaq və yuxarıda qeyd olunan işsiz statusuna uyğun gələn şəxslər elektron qaydada müraciətlərini edə bilərlər.