MART AYINDA AYLIQ İŞ VAXTI NORMASI

Məlumdur ki, mart ayında Beynəlxalq qadınlar günü və Növruz bayramı qeyri-iş günüdür. Əmək qanunvericiliyində Qadınar günü 1 gün - 8 mart,  Novruz bayramı 5 gün qeyri-iş günü kimi göstərilmişdir. Deməli, martın 20, 21, 22, 23, 24 -  Novruz bayramı günləri kimi iş günü hesab edilmir. Əmək Məcəlləsinin 104-ci maddəsinin 5-ci bəndinə görə Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Deməli, həm 5, həm də 6 günlük  iş rejimi olan təşkilatlar üçün Novruz bayramının 3-cü günü olan 22 mart həftənin bazar gününə təsadüf etdiyindən, növbəti həftənin 25 mart tarixinə keçirilmişdir. Bunu 2020-ci ilin istehsalat təqvimindən də görmək olar. 5 günlük iş rejimi olan təşkilatlarda 21 mart şənbə gününə, yəni istirahət gününə təsadüf etdiyi üçün, növruz bayramının 2-ci günü olan 21 mart növbəti həftənin 26 mart tarixinə keçirilir. 6-günlük iş rejimi olan təşkilatların əməkdaşları üçün şənbə günü iş günü olduğundan və bu şənbə günündə bayramın 2-ci günü olan 21 martda onlar dincəlmişlər. Buna görə də onlar üçün 26, 27, 28 mart iş günü olmalı idi.

Əmək Məcəlləsinin 104-ci maddəsinin 7-ci bəndinə görə Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər. Buna görə də Nazirlər Kabinetinin məlum qərarı ilə 5- günlük işləyən təşkilatlar üçün 27 mart və 29 mart tarixlərinin yeri dəyişdirildi. Beləliklə, 5 günlük işləyən müəssislər üçün 20, 21, 22, 23, 24, 25, 26, 27, 28 mart tarixləri qeyri-iş günləri oldu (28 mart şənbə günüdür və 5 günlük iş rejimində işləyənlər üçün istirahət günüdür).

Koronavirus pandemiyasıyla əlaqədar Nazirlər Kabinetinin 25.03.2020 tarixli 113 saylı qərarına əsasən beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilmişdir. Buradan aydın olur ki, həm 5 günlük, həm də 6günlük rejimdə işləyən təşkilatlar üçün 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günləridir.

Odur ki, 5 günlük rejimdə işləyənlər üçün  həm iş tabeli yazarkən, həm də əməkhaqqı hesablayarkən mart ayında aylıq iş vaxtı norması103 saat götürülməlidir.  

Lakin Nazirlər Kabinetinin 25.03.2020 tarixli 113 saylı qərarı dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir. Odur ki, belə təşkilatlardan 5 günlük rejimdə işləyənlər üçün 29, 30, 31 mart tarixi, 6 günlük rejimdə işləyənlər üçün isə 26, 27, 28, 30, 31 mart tarixləri iş günü olacaqdır.  Deməli, bu müəssisələr üçün 5 günlük rejimdə işlədikdə aylıq iş vaxtı norması 143 saat götürülməlidir.