Məzuniyyətin hesablanması
Ödənişli məzuniyyətə çıxmaq işçinin əsas hüquqlarından biridir. Məzuniyyət haqqının hesablanması ilə bağlı əksər insanlarda suallar yaranır.İşçinin birinci iş ili üçün əmək məzuniyyəti hüququ işverənlə əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Müəssisədə altı ay işlədikdən sonra birinci iş ili bitənədək işçiyə məzuniyyət öz arzusu ilə onun üçün əlverişli olan vaxtda verilməlidir.İndi isə məzuniyyət pulunun hesablanılması qaydalarına nəzər yetirək. Məzuniyyət haqqını hesablamaq üçün ilk olaraq orta əməkhaqqını hesablamaq gərəkdir.
Məzuniyyətin hesablanması Qaydaları
- Məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.
- 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
- Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
- Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əməkhaqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
- İşçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
- Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əməkhaqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əməkhaqqının faktik olaraq verildiyi gündən hesablana bilər.
- Məzuniyyət vaxtı üçün hesablanmış orta əməkhaqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir.
Məzuniyyətin hesablanması: Misal
İndi isə əmək məzuniyyətinin hesablanılmasına bir misal gətirək. Tutaq ki, işçi 01.02.2018-ci il tarixində əmək müqaviləsi ilə işə daxil olub. İşçi birinci iş ili – 01.02.2018-ci il tarixindən 01.02.2019-cu il tarixinə kimi olan dövr üçün 24.01.2019-cu ildə ərizə yazıb ki, onu fevral 2019-cu il tarixindən 21 gün müddətində əmək məzuniyyəti ilə təmin etsin. İşəgötürən də bunu təmin edib və qanuna uyğun rəsmiləşdirib. İşçinin əməkhaqqı aşağıdakı kimidir:
- Fevral 2018 -300 manat
- Mart 2018 -300 manat
- Aprel 2018 -320 manat
- May 2018 -320 manat
- İyun 2018 -320 manat
- İyul 2018 -320 manat
- Avqust 2018 -350 manat
- Sentyabr 2018 -350 manat
- Oktyabr 2018 -350 manat
- Noyabr 2018 -350 manat
- Dekabr 2018 -350 manat
- Yanvar 2019 -350 manat
CƏMİ: -3980 manat
Buradan aydın olur ki, işçi 12 ay işləyib və məzuniyyətə çıxıb. Odur ki, hesablama bu formada olacaq: 3980/12 = 331.67 /30,4 = 10,91 manat
* 21 gün = 229, 11 manat. İşçinin məzuniyyət haqqı 229, 11 manat təşkil edir.
Peşəkar müəllim nəzarətində praktiki çalışmalarla öyrənmək istəyirsinizsə Məzuniyyətin hesablanması seminarında iştirak edə bilərsiniz.
Əməkhaqqı hesablanması, Əmək Məcəlləsinin şərhi, kadr kargüzarlığına aid çoxlu sayda müxtəlif sənəd nümunələri və bir çox problemli keyslərin izahının verildiyi kitabı əldə etmək üçün müraciət edə bilərsiz. Bundan başqa kitabda İnsan Resurslarının idarə edilməsi ilə bağlı müxtəlif modulların praktik misallarla nümunələri verilmişdir. |